×
A
A
A
Sazlamalar

Adil Əliyev: Azərbaycan gəncliyi Vətən müharibəsində üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəldi

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev parlamentdə növbəti dəfə idmançılarla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Adil Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra geniş vüsət almasını vurğulayıb. Dövlətimizin başçısı tərəfindən idman sahəsinə verilən yüksək dəyərdən bəhs edən Milli Məclisin sədr müavini sağlam Azərbaycan gəncliyinin formalaşmasında idmanın xüsusi əhəmiyyətini qeyd edib və idmançılarımızın qazandıqları qələbələrin xalqımızda böyük ruh yüksəkliyi yaratmasından danışıb.
Milli Məclisin sədr müavini vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idman sahəsinə göstərdiyi xüsusi diqqətin, idmançılarımızın sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərdən biri olması idmançılarımızın uğurlarını artırıb, onları qələbədən-qələbəyə ruhlandırıb. Gənclər və idman siyasətinə xüsusi önəmin verilməsi, respublikada nüfuzlu idman yarışlarının da yüksək səviyyədə təşkil edilməsi ilə bərabər atletlərimizin davamlı uğurları ölkəmizi dünyada idman ölkəsi kimi tanıtmışdır.
Şanlı qələbəmizlə bitən Vətən müharibəsində fiziki cəhətdən hazırlıqlı gənclərimizin döyüş meydanında göstərdiyi şücaətdən bəhs edən Adil Əliyev Azərbaycan gəncliyinin üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəldiyini bildirib.
Səmimi qəbula görə minnətdarlıqlarını bildirən idmançılar bundan sonra da Azərbaycanı şərəflə təmsil etmək, bayrağımızı yüksəltmək üçün bütün qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Görüş idmançıları maraqlandıran mövzular ətrafında müzakirələrlə davam etdirilib.

Siyasət 2022-11-23 17:17:00