Paytaxtın Xətai rayonunda Cavanşir küçəsi əsaslı təmir edilib VİDEO
Bakı, 23 noyabr, AZƏRTAC
Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsi əsaslı təmir edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçə deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılıb.
Təmir işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Küçəboyu 2800 poqonometr yeni bordür, 762 poqonometr yeni səki daşı düzülüb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sonra küçəyə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri görülüb.
Qeyd olunub ki, Xətai rayonu üzrə ümumi uzunluğu 13 kilometrdən çox olan küçələrin təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2021-ci ildə 14,2 kilometr uzunluğa malik küçədə təmir işləri aparılıb.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb