×
A
A
A
Sazlamalar

Yaponiyadakı diaspor təşkilatımız Fransa Senatının məlum qətnaməsini pisləyən bəyanat yayıb

Tokio, 23 noyabr, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Fransa Senatının Azərbaycana qarşı ədalətsiz sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməsini pisləyən bəyanat yayıb.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Mərkəzin sədri Xəlil Kələntər məlumat verib. Bildirib ki, Yaponiyanın müvafiq dövlət qurumlarına, beyin mərkəzlərinə və KİV-lərə göndərilən bəyanatda Yaponiyada yaşayan Azərbaycan diasporunun Fransa Senatının bu ədalətsiz qərarından böyük təəccübü və məyusluğu əksini tapıb.
Sənədin mətnində deyilir: “2022-ci il noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsini müzakirə edərək qəbul edib. Bu qərardan çox məyus olduq və təəccübləndik. Dünyaya insan azadlığını, demokratiyanı və hüquq bərabərliyini öyrətməyə çalışan bir ölkənin Senatının bütün hüquqi və əxlaqi qaydaları pozaraq belə bir qətnamə qəbul etməsi olduqca ədalətsiz bir addımdır. Eyni zamanda, qanun layihəsi fransızların “azadlıq, bərabərlik və qardaşlıq”, əxlaq və normal siyasi məntiq ideyası ilə ziddiyyət təşkil edir. Bununla da Fransa dünya xalqları arasında qazandığı hörmət və etibarı itirməklə çox yanlış addım atıb”.
Bəyanatda vurğulanır ki, Azərbaycan xalqı Fransa dövlətinin və hökumətinin təəssübkeşliyi və ədalətsizliyi ilə yalnız indi deyil, həm də Birinci Qarabağ müharibəsi (1991-1994) zamanı üzləşib. Azərbaycan kimi öz azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan ölkəyə qarşı edilən bu ədalətsizlik, eyni zamanda, demokratiyaya qarşı ədalətsizlikdir və beynəlxalq hüquqa, ümumi məntiqə sığmır. Bu, Fransaya Ermənistanın özünün yox, Fransada yaşayan ermənilərin səsini qazanmaq imkanı yaradır.
Qeyd edilir ki, Fransa Senatı bu qərarla multikultural dəyərlərlə yaşayan Azərbaycana arxa çevirərək totalitar, homogen, işğalçı dövlət olan Ermənistanın yanında yer aldığını bütün dünyaya nümayiş etdirib.
Sənəddə xüsusi vurğulanır ki, Azərbaycanın yolu ədalət yoludur və nə Fransa, nə də başqa bir dövlət bizim ədalətimizi Fransa standartları ilə ölçə bilməz. Hansı ölkənin nə qərar verməsindən asılı olmayaraq, Qarabağ Azərbaycanın bir parçasıdır və əbədi olaraq Azərbaycan ərazisi olacaq.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio 

Diaspor 2022-11-23 13:35:00