×
A
A
A
Sazlamalar

“AccessBank” istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub

Bakı, 22 noyabr, AZƏRTAC

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AccessBank” QSC ümumi dəyəri 5 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 5 min ədəd, nominal dəyəri min dollar, illik faiz dərəcəsi 5,5 faiz, tədavül müddəti 18 aydır. İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə baş anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” ASC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etmək üçün investisiya şirkətlərinə müraciət etmək olar. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

 

Maliyyə 2022-11-23 12:17:00