×
A
A
A
Sazlamalar

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

Bakı, 23 noyabr, AZƏRTAC

Hazırda Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir və iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov noyabrın 23-də Bakıda keçirilən “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V forumda deyib.
O.Məmmədov qeyd edib ki, qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla KOBİA tərəfindən qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayını daha da artırmaq üçün müvafiq tədbirlər həyata keçirilir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, “kobmarket.az” ticarət portalı, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və sair dəstək və xidmətlərindən faydalanırlar.

İqtisadiyyat 2022-11-23 11:12:00