×
A
A
A
Sazlamalar

Yeni Azərbaycan Partiyasının keçdiyi yol Azərbaycanın quruculuq yoludur

Ağcabədi, 23 noyabr, AZƏRTAC
Müasir Azərbaycanın dövlətçilik tarixində, ictimai-siyasi həyatında çox mühüm rol oynayan, ölkənin ən mütəşəkkil, qüdrətli siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür. Bu günlər həm YAP-ın strukturları, həm də ayrı-ayrı təşkilat, idarə kollektivləri tərəfindən bu münasibətlə çoxsaylı tədbirlər keçirilir. Bu, təbiidir. Çünki YAP xalqımızın, dövlətimizin həyatındakı iştirakına, roluna, verdiyi töhfələrə görə daim diqqət mərkəzində olan siyasi təşkilatdır və onun 30 illik yubileyi Azərbaycanı sevən hər kəsin bayram etdiyi bir gündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.
İlqar İlyasov bildirib ki, 30 il bundan əvvələ nəzər saldıqda ilk olaraq həmin dövr, Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən səbəblər yada düşür. O zaman Azərbaycan müstəqilliyini bir il idi elan etmişdi. Ölkəmizi tutduğu yoldan döndərmək, beynəlxalq dairələrin iqtisadi, siyasi və hərbi maraqlarını burada reallaşdırmaq istəyən qrupların istəklərinə tabe etmək istiqamətlərində cəhdlər var idi. Respublikada separatizm meyilləri baş alıb gedirdi və təbii ki, buna da bir çox hallarda xaricdən dəstək verilirdi. Azərbaycan üçün bir çox xoşagəlməz proseslər yaşanırdı - Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü, insanların ev-eşiklərindən qovulmaları, bütün bunlarla yanaşı, respublikanın ozamankı hakimiyyəti ölkəni getdikcə daha artıq xaosa, anarxiyaya, ziddiyyətə sürükləyən hərəkətlərə rəvac verirdi. Həmçinin o zaman Azərbaycanda iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi. İttifaqdan ayrılmış bir ölkənin imkanları çox məhdud idi, əhalinin sosial vəziyyəti getdikcə acınacaqlı hala düşürdü, üstəlik çörəklə sınağa çəkilmək təhlükəsi yaranmışdı. Həmin dövrü Azərbaycan xalqı, əlbəttə, çətinliklərlə, məşəqqətlərlə qarşılasa da, ondan şərəflə çıxmağı bacardı. Ona görə ki, atılması zəruri olan addım düzgün müəyyənləşdirildi. Həmin dövrdə ümummilli lider Heydər Əliyev çətin vəziyyətlə üzləşmiş xalqımız üçün ümid yeri idi. Azərbaycanın sayılan, seçilən, vəziyyətin bu cür davam etməsinin çox təhlükəli olduğunu anlayan ziyalılarının Heydər Əliyevə belə bir müraciəti oldu: “Xalq Sizin sözünüzü gözləyir”. Bu müraciət yeni siyasi partiyanın yaradılması ideyasının Heydər Əliyev tərəfindən dəstəklənməsi xahişini özündə əks etdirirdi. Əlbəttə, bunu vacib edən səbəblər də müraciətdə göstərilirdi. Heydər Əliyev o zaman ittifaq hakimiyyətindən kənarlaşdırılandan sonra Moskvada və Bakıda təqiblərə məruz qaldığı üçün Naxçıvan şəhərində yaşayırdı və orada əhalinin təkidli tələbi ilə Naxçıvanda Ali Məclisin Sədri seçilmişdi.
Mərkəzi hakimiyyətin bu çətin durumdan çıxış yolları axtarması, amma tapa bilməməsi, tapdığı yolların da əksinə, onu daha dərin uçuruma sürükləməsinə baxmayaraq, Naxçıvanda uğurlu idarəetmə forması tapılmışdı və Heydər Əliyev əhalinin, regionun potensialını, resursları səfərbər edərək, Naxçıvana gözlənilən erməni təcavüzünün qarşısını almağa, əhalinin təhlükəsizliyini təmin etməyə, onun maddi təminatını ödəməyə və qonşu ölkələrlə normal, sivil münasibətlər, qarşılıqlı yardıma əsaslanan münasibətlər qurmağa yönələn fəaliyyət ortaya qoymuşdu. Bütövlükdə Azərbaycan və onun bir parçası olan Naxçıvan üçün mövcud çətinliklərin öhdəsindən düzgün, dürüst idarəetmə nəticəsində gəlmək mümkün olmuşdu. Xalq da bunu görürdü. Ona görə də təbii olaraq diqqət Naxçıvana yönəlmişdi. Azərbaycanda diqqətin ictimai-siyasi proseslərin ağırlıq mərkəzinə - Naxçıvana yönəldiyini o dövrkü hakimiyyət də hiss edirdi. Belə bir şəraitdə bu prosesləri idarə etmək, xalqın gücünü bir mərkəzdə səfərbər etmək və onu da Azərbaycanın problemlərinin həllinə yönəltmək istiqamətində addımın atılması üçün siyasi təşkilatın yaranması zərurəti meydana çıxmışdı. Ona görə də Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Təsis konfransı Naxçıvanda Heydər Əliyevin yaşadığı və işlədiyi məkanda keçirildi. Respublikadan 500-dən artıq təəssübkeş Naxçıvana toplaşdı və 1992-ci ilin noyabr ayında burada Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Qurultayda qəbul edilən qərarlar, Heydər Əliyevin qələmindən çıxmış partiyanın nizamnaməsi, proqramı, bu proqramda və nizamnamədə müəyyən edilmiş vəzifələr sonradan Azərbaycanın bir dövlət kimi qarşısında dayanan vəzifələr oldu və Ulu Öndərin rəhbərliyi ilə həyata keçirildi. Hələlik prosesə Naxçıvandan start verilmişdi. Amma çox qısa zamanda respublikanın hər yerində insanlar böyük ruh yüksəkliyi ilə bu partiyanın yaradılmasına dəstək verdilər, təşəbbüs qrupları yaradıldı, yerli təşkilatların təsis konfransları keçirildi, rəhbər orqanlara nümayəndələr seçildi. İnsanlar öz gələcəklərinə inanmağa başladılar, öz güclərinə və bu gücün reallaşdırılması üçün onu səfərbər edə biləcək bir siyasi təşkilata və onun irəli sürdüyü ideyalara, konkret olaraq azərbaycançılıq ideologiyasına inandılar, bu ideologiyanın Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə siyasi yol olduğunu qəbul etdilər. Sonralar hadisələrin inkişafı o istiqamətdə cərəyan etdi ki, ölkədə idarəetmə iflic oldu, hakimiyyət öz vəzifələrinin öhdəsindən gələ, xalq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə, onun təhlükəsizliyini təmin edə bilmədi və proseslər vətəndaş müharibəsi həddinə gəlib çıxdı. Təbiidir ki, belə olduqda Azərbaycan xalqı öz sözünü dedi. Xalqımız əgər əvvəl Heydər Əliyevdən bir siyasi partiyanın yaradılmasına razılıq verməsi və onun rəhbərliyə gəlməsi xahişini etmişdisə, sonradan Ulu Öndəri Azərbaycanda hakimiyyətə dəvət etmək qərarı verdi. 1992-ci ilin noyabrından 1993-cü ilin iyun ayınadək keçilən yol Azərbaycanın dövlətçilik həyatında çox əhəmiyyətli bir yoldur. Müxalifət partiyası kimi yaranmış YAP qısa müddətdən sonra hakimiyyət partiyası oldu.
İlqar İlyasov bildirib ki, Azərbaycan xalqının Heydər Əliyevin ətrafında möhkəm birləşməsi və yalnız ümummilli liderə olan inamı bizi bu çətin durumlardan xilas etdi. Bununla bərabər, Azərbaycanın həyata keçirmək istədiyi enerji layihələrinə mane olmaq və bunun vasitəsilə ölkəni yenə də vətəndaş qarşıdurmasına sürükləmək planlarının da qarşısı alındı. Bu, birmənalı idi və tarix də sonradan sübut etdi ki, məhz həmin dövrdə həyata keçirilən qətllər, dövlət çevrilişlərinə cəhdlər Azərbaycanın enerji layihələrinin imzalanmasının qarşısını almaq məqsədi güdürdü. Çünki hər kəs bilirdi ki, Azərbaycanın yeganə ümid mənbəyi enerji resursları idi və bizi düşdüyümüz iqtisadi, sosial çətinlikdən yalnız bu layihələrin reallaşması xilas edə bilərdi. Yenə də Heydər Əliyevin müdrikliyi, xalqla birlikdə atdığı addımlar bunun qarşısını ala bildi, üstəlik hərbi sahədə də bir sıra nailiyyətlər qazanıldı. Ordu quruculuğu işində addımlar atıldı, müdafiə qabiliyyətinin gücləndirilməsi, atəşkəsin əldə olunması üçün işlər görülməyə başlandı. İlk olaraq könüllü dəstələr vahid mərkəzdə birləşdirildi, vahid komandanlığa tabe edildi, buna müqavimət göstərənlərin silahsızlaşdırılması üçün işlər görüldü. Azərbaycanda hakimiyyət dəyişikliyinin yalnız seçkilər yolu ilə mümkünlüyü hər kəsə qəbul etdirildi.
Yeni Azərbaycan Partiyasının keçdiyi yol Azərbaycanın quruculuğu yoludur. Bu, çox çətin, gərgin, eyni zamanda, şərəfli bir yoldur. Bu yol Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməzliyinin təmin edilməsi, Azərbaycan dövlətinin qurulması yolu idi. Bu yolu Yeni Azərbaycan Partiyası böyük şərəflə keçdi. Həmin çətin, ağır zamanlar arxada qaldı, iqtisadi tənəzzül aradan qaldırıldı. Məhz Heydər Əliyevin 2003-cü ilə qədər olan Prezidentliyi dövrü Azərbaycanda inkişaf, sabitlik və dirçəliş dövrüdür. Əlbəttə ki, həm Heydər Əliyevin, həm də 2003-cü ildən sonra keçən 19 il ərzində Prezident İlham Əliyevin fəaliyyəti dövründə ən yaxın silahdaşı, ən yaxın köməkçisi sədrlik etdiyi Yeni Azərbaycan Partiyası olub. Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında 30 ildir ki, mövcuddur. Bu günəqədərki bütün seçkiləri çox böyük səs çoxluğu ilə qazanıb.
“Azərbaycan əsgəri 2020-ci ildə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Heydər Əliyev siyasətinin davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdi. Bu Qələbənin təməli ötən dövrdə hər saat, hər gün partiyanın Sədri İlham Əliyev tərəfindən qoyulurdu. Bu gün biz öz sözümüzün, öz resurslarımızın sahibiyik. Öz siyasi iradəmizi həm ölkə daxilində, həm ölkə xaricində həyata keçiririk. Heç kəsdən asılı olmayan, heç kəsin marağına xidmət etməyən, yalnız Azərbaycan dövlətinin və xalqının maraqları naminə bu maraqları uzlaşdırmağı bacaran bir siyasətə malikik. Prezidentimiz dünya miqyasında Azərbaycanı çox böyük ləyaqətlə və cəsarətlə təmsil edir. Onun qətiyyəti sayəsində bu gün Azərbaycan dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilib. Bizim ordumuz regionun ən güclü ordusudur. Bütün bu nailiyyətlərin əldə olunması Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı rolu ilə mümkün olub və biz bir an da olsa, bizi bu yoldan döndərmək istiqamətindəki hərəkətlərin qarşısında boyun əyməmişik. Heç zaman öz gücümüzə şübhəmiz olmayıb. Biz hər zaman böyük güc olduğumuza inanmışıq və xalq da bunu qəbul edib. Bu, bu gün də belədir, sabah da belə olacaq. Nə qədər Azərbaycan var, Yeni Azərbaycan Partiyası da müasir və güclü Azərbaycan quruculuğu işində aparıcı siyasi qüvvə olacaq”, - deyə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri əlavə edib.

Regionlar 2022-11-23 10:40:00