×
A
A
A
Sazlamalar

Müasir şəhərə çevrilən Sumqayıt Prezident İlham Əliyevin qayğısı nəticəsində daha da inkişaf edib

Sumqayıt, 23 noyabr, Firuz Novruzov, AZƏRTAC
Sumqayıtın şəhər statusu almasının 73-cü ildönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sumqayıt şəhər Muğam Mərkəzində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Sumqayıtın keçdiyi 73 illik yol və onun inkişafından bəhs edən videoçarx nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın şəhər statusu almasının 73-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və şəhər sakinlərini təbrik edib.
Vurğulanıb ki, ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdar olub. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşayıb. 73 yaşlı Sumqayıt, sözün həqiqi mənasında, Ulu Öndərin arzuladığı bir şəhərə çevrilib. Müasir şəhərə çevrilən Sumqayıt Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daha da inkişaf edib. Son 19 ildə dövlət başçısı 31 dəfə Sumqayıta səfər edib. Prezident İlham Əliyevin hər gəlişi Sumqayıtın tarixinə böyük hərflərlə yazılmaqla bərabər, şəhərin tərəqqisində və inkişafında xüsusi əhəmiyyətə malik olub.
Qeyd olunub ki, bu gün ardıcıl və dayanıqlı dinamik inkişaf yolunu tutan, günbəgün qüdrətlənən Azərbaycanın ən dilbər guşələrindən birinə çevrilmiş Sumqayıtın sakini olmaq qürurvericidir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı görülən işlərin miqyası və bunların şəhər sakinlərinin həyatında yaratdığı müsbət dəyişikliklər barəsində danışarkən, qarşıda həllini gözləyən məsələlərin dayandığını da qeyd edib.
Bildirilib ki, 30 il işğal altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və qətiyyəti sayəsində cəmi 44 gün ərzində hərbi-siyasi yolla azad olundu. Dünyaya qalib xalq, qalib dövlət kimi tanındıq. Bu böyük Qələbə xalqımızın mətinliyinin, cəsarətinin və dövlətimizin qüdrətinin təntənəsi oldu. Tariximizə şanlı səhifələrin yazılmasında sumqayıtlı gənclərin də göstərdiyi xidmətlərdən danışan Zakir Fərəcov Vətən müharibəsinin davam etdiyi müddətdə könüllü olaraq cəbhəyə yollanmaq istəyən sumqayıtlıların hərbi səfərbərlik idarəsi qarşısında günlərlə növbədə dayandığını xatırladıb.
Daha sonra respublikanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Regionlar 2022-11-23 10:03:00