×
A
A
A
Sazlamalar

Şirvanda bir qrup ədliyyə işçisinə fəxri fərman təqdim edilib

Şirvan, 22 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərində ədliyyə işçilərinin peşə bayramı qeyd edilib. Toplantıya Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Regional Ədliyyə idarəsinin rəisi Nizami Hüseynov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə, Şirvan İnzibati Məhkəməsinin sədri Feyruz Abbasov, Şirvan Şəhər Məhkəməsinin sədri Elçin Qurbanov və ədliyyə işçiləri qatılıblar.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. Azərbaycanda dövlət müstəqilliyi bərpa olunduqdan və ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyə gəldikdən sonra bütün sahələrdə, o cümlədən ədliyyə orqanlarında və məhkəmə sistemində işin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açılıb. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində ölkəmiz qanunun aliliyinin bərqərar olması, vətəndaşların qanun qarşısında ümumbəşəri bərabərliyinin təmin edilməsi istiqamətində qətiyyətli addımlar atır.
Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev çıxış edərək Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü və ədliyyə orqanlarının yaranmasının 104 illiyi münasibətilə ədliyyə işçilərini təbrik edib, Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq, ölkəmizin hərtərəfli tərəqqisi naminə demokratik-hüquqi dövlət quruculuğu işində Prezidentimizin ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirmələrini arzu edib.
Tədbirin sonunda İ.Abbasov tərəfindən fəaliyyətində fərqlənmiş və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə bir qrup ədliyyə işçisinə fəxri fərman təqdim edilib.

Regionlar 2022-11-23 01:32:00