×
A
A
A
Sazlamalar

Avstraliyadakı diaspor təşkilatımız dövlət qurumlarının diqqətini Ermənistanın demokratik dəyərlərə zidd siyasətinə yönəldib

Kanberra, 22 noyabr, AZƏRTAC

Sidney şəhərində fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) bu ölkənin dövlət qurumlarının diqqətini Ermənistan hökumətinin dünyanın demokratik dəyərlərinə zidd siyasət yürütməsinə cəlb etmək məqsədilə Senata və Xarici İşlər Nazirliyinə müraciət edib.
Bu barədə AZƏRTAC-ın region ölkələri üzrə xüsusi müxbirinə AAA-nın rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mikayıl Oyta məlumat verib. Bildirib ki, xarici işlər naziri Penni Vonqa və senator Saymon Birmingemə ünvanlanan məktublarda BMT və AŞPA kimi mötəbər beynəlxalq təşkilatların Ukrayna və İrana dair qərarları ilə bağlı Ermənistanın qəbuledilməz davranışı Avstraliyanın milli maraqları və qlobal dünyanın beynəlxalq nizamı ilə ziddiyyət təşkil edir.
Məktublarda qeyd edilib ki, Ermənistan 30 ilə yaxın bir dövrdə Azərbaycanın ərazi bütövlüyünü kobudcasına pozaraq beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib, azərbaycanlılara qarşı amansız etnik təmizləmə siyasəti apararaq, soydaşlarımızı öz doğma torpaqlarından didərgin salıb.
Ermənistanın 30 ilə yaxın dövrdə Azərbaycan torpaqlarının qeyd-şərtsiz və dərhal azad olunmasına dair BMT-nin dörd qətnaməsinə məhəl qoymadığı, Azərbaycanın dinc danışıqlar yolu ilə işğalçının ərazilərimizdən çıxmasını səbirlə gözlədiyi, lakin Ermənistan hərbi-siyasi rəhbərliyinin 2020-ci il sentyabrın 27-də başladığı genişmiqyaslı hücumun Azərbaycan xalqının səbir kasasını daşırdığı, rəsmi Bakının bu hərbi təxribata 44 günlük əks-hücumla cavab verdiyi və təkbaşına öz ərazi bütövlüyünü bərpa etdiyi bir daha diqqətə çatdırılıb.
Hazırda Azərbaycan dövlətinin Cənubi Qafqaz bölgəsində sülh və normallaşma prosesinin bərqərar olması naminə ciddi səylər göstərdiyi, Ermənistanın isə sülh danışıqlarından yayındığı, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində kütləvi şəkildə basdırdığı mina təhlükəsi səbəbindən torpaqlarımızın azad edilməsindən sonra belə məcburi köçkün olan soydaşlarımızın indiyədək xarabazarlığa çevrilmiş doğma yurdlarına qayıda bilmədiyi vurğulanıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Diaspor 2022-11-22 18:03:00