×
A
A
A
Sazlamalar

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Salyan Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Bakı, 22 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Salyan Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə FHN-in Muğan Regional Mərkəzinin, rayon icra hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının aparatının Hüquq şöbəsinin müdiri, Mülki müdafiə qərargahının rəisi Ruslan Məmmədov tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra Muğan Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik Rafiq Zeynalov çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edənlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Həmçinin Muğan Regional Mərkəzinin əməkdaşlarının rayon ərazisindəki mülki müdafiə obyektlərində keçirdikləri monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, bu ilin təqviminə uyğun olaraq rayon ərazisindəki idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Sonda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

Cəmiyyət 2022-11-22 15:30:00