İtaliyada enerji şirkətlərinin mənfəət vergisini artıracaq qanun qəbul edilib
Roma, 22 noyabr, AZƏRTAC
İtaliyada 2023-cü ildən enerji şirkətlərinin mənfəət vergisinin artırılmasını nəzərdə tutan yeni qanun qəbul olunub.
AZƏRTAC xəbər verir ki, 35 milyard avroluq qanunla enerji böhranı və inflyasiyanın təsir göstərdiyi ailələrlə bağlı müavinətləri genişləndirmək məqsədilə enerji şirkətləri üçün vergi dərəcəsinin artırılması nəzərdə tutulur.
İtaliyanın Baş naziri Ciorcia Meloni hökumətinin təqdim etdiyi yeni qanun 2023-cü ilin ortalarına qədər şirkətlərin enerji satışından əldə etdiyi əlavə mənfəətə görə vergi dərəcəsinin 25 faizdən 35 faizə artırılması planlaşdırılır. 2023-cü ildən vergi dərəcəsi hazırda olduğu kimi satışdan deyil, daha yüksək qiymətə enerji satan şirkətlərin bəyan etdiyi əlavə xalis gəlirdən hesablanacaq.
Büdcənin 21 milyard avrodan çoxu yüksək enerji qiymətləri ilə mübarizə aparan ailələrə və müəssisələrə ayrılacaq. Eyni zamanda, hökumət tərəfindən maliyyələşdirilən benzinin qiymət endirimi bir litr üçün 0,25 avrodan 0,15 avroya salınır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Almaniya hava hücumundan müdafiə sistemini gücləndirmək üçün 17 milyard avro ayırır
Türkiyə Prezidenti TRT-nin ortaq yayımında aktual məsələlərlə bağlı sualları cavablandırıb
Ötən ay Avrozonada inflyasiya 8,5 faiz olub
Ukrayna və Avstriya prezidentləri enerji və humanitar məsələləri müzakirə ediblər