×
A
A
A
Sazlamalar

Almaniyada enerjinin qiymətinə məhdudiyyətlər yanvardan qüvvəyə minəcək

Bakı, 22 noyabr, AZƏRTAC

Almaniya hökuməti qaz, elektrik və istilik enerjisi qiymətlərinə 2023-cü il martın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan məhdudlaşdırıcı tədbirlərin yanvar ayından tətbiq olunması barədə qərar qəbul edib.
AZƏRTAC “Der Spiegel” nəşrinə istinadla xəbər verir ki, qazın qiymətinə nəzərdə tutulan məhdudiyyətlər gələn il martın 1-dən qüvvəyə minməli idi, lakin istehlakçılar yanvar və fevral ayları üçün də eyni həcmdə güzəştlər alacaq. Bu tədbirlər 2024-cü ilin aprel ayına qədər qüvvədə olacaq.
Qaz, elektrik və istilik üçün qiymət məhdudiyyətləri Almaniya hökumətinin enerji böhranı fonunda əhalini dəstəkləmək üçün ayırdığı 200 milyard avroluq dövlət yardımı paketi hesabına maliyyələşdirilir. Qanun layihəsi rəsmi olaraq çərşənbə günü Almaniyanın Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, oktyabr ayında ölkədə inflyasiya daha da sürətlənərək rekord həddə - 10,4 faizə çatıb.
Avropa İttifaqında enerji böhranı Rusiya qazının nəqlində ilk fasilələrin yarandığı iyul ayının əvvəlindən bəri daha da ağırlaşıb. Avropa Komissiyası ittifaq ölkələrini 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək qaz istehlakını könüllü olaraq 15 faiz azaltmağa çağırıb.

 

Dünya 2022-11-22 14:28:00