Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq
Bakı, 22 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə “Özbəkistanın telekommunikasiya şəbəkələrinin idarə edilməsi üzrə Respublika Mərkəzi” Dövlət Unitar Müəssisəsi arasında memorandum imzalanıb. Memorandum mobil cihazların qeydiyyatı sahəsində birgə fəaliyyətin təşkilini nəzərdə tutur.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Özbəkistanın İnformasiya Texnologiyalarının və Kommunikasiyalarının İnkişafı Nazirliyi, Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin, “Özbəkistanın telekommunikasiya şəbəkələrinin idarə edilməsi üzrə Respublika Mərkəzi” Dövlət Unitar Müəssisəsinin, həmçinin “İnformasiya Texnologiyaları Mərkəzi” şirkətinin rəhbər şəxsləri “AzInTelecom” MMC-də olublar.
Görüşdə “AzInTelecom” MMC-nin surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilən mobil cihazlara qarşı Azərbaycanda həyata keçirdiyi mübarizə tədbirləri haqda məlumat verilib. Tərəflər bu sahədə əməkdaşlıq perspektivləri, itirilmiş və oğurlanmış, surəti köçürülmüş IMEI kodlarının vahid “qara siyahı”sının inteqrasiya edilməsi, təcrübə və məlumat mübadiləsi barədə müzakirə aparıblar.
Görüşün yekununda mobil cihazların qeydiyyatı sahəsində birgə fəaliyyətin təşkili ilə bağlı memorandum imzalanması ilə yanaşı, müvafiq İşçi Qrupunun yaradılmasına qərar verilib.
Qeyd edək ki, “AzInTelecom” MMC mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.
Bu istiqamətdə mübarizə tədbirləri çərçivəsində indiyədək 460 IMEI koduna “klon” statusu verilib. Həmin IMEI kodları son üç ayda 261 min 093 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.
“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb
“Azersky” peykinin təsvirləri vasitəsilə su təsərrüfatı sahələrinin monitorinqi aparılır
® Gənc qadınlar “Azercell”in dəstəyi ilə startap qurur
Azərbaycandakı infrastruktur layihələri ilə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib