×
A
A
A
Sazlamalar

ÜST gələcəkdə pandemiyaya səbəb ola biləcək patogenləri müəyyən edəcək

Bakı, 22 noyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcəkdə pandemiyaya səbəb ola biləcək prioritet patogenlərin siyahısının yenilənməsi üzrə qlobal elmi təşəbbüsə start verib. Siyahı qlobal investisiyaların, xüsusən yeni vaksinlərin işlənib hazırlanması ilə bağlı tədqiqat və layihələrin, eləcə də diaqnostika və müalicə üsullarının yönləndirilməsinə kömək olacaq.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, ÜST bu təşəbbüsün icrası çərçivəsində 300-dən artıq alimi bir yerə toplayacaq. Onlar 25 virus və bakteriya ailəsi, həmçinin “X xəstəliyi” barədə məlumatları nəzərdən keçirəcəklər. “X xəstəliyi” ciddi beynəlxalq epidemiya ilə nəticələnə biləcək naməlum patogenin işarə edilməsində istifadə olunur.
Ekspertlər öyrənilməsi üçün əlavə tədqiqat və investisiyalara ehtiyac olan prioritet patogenlərin siyahısını hazırlayacaqlar. Həm elmi kriteriyalar, həm də ictimai səhiyyə, sosial-iqtisadi təsir riskləri, eləcə də diaqnostika və müalicə vasitələrinə eyni dərəcədə əlçatanlıq məsələləri ilə bağlı kriteriyalar nəzərə alınacaq.
Patogenlərin siyahısı ilk dəfə 2017-ci ildə dərc edilib, prioritetlərin müəyyən edilməsi üzrə son müşavirə isə 2018-ci ildə keçirilib. Cari siyahıya COVID-19, Konqo-Krım hemorragik qızdırması, Ebola virusunun əmələ gətirdiyi xəstəlik, Marburq virusu xəstəliyi, Lassa qızdırması, Yaxın Şərq respirator sindromu (MERS) və ağır kəskin respirator sindromu (SARS), Nipah virusu və henipavirus infeksiyaları, Rift-Valli qızdırması, Zika virusu və “X xəstəliyi” daxildir.
ÜST-nin fövqəladə vəziyyətlər üzrə direktoru Maykl Rayan deyib: “Tədqiqatların və mübarizə tədbirləri layihələrinin aparılmasından ötrü prioritet patogenlərin və virus ailələrinin müəyyən edilməsi epidemiya və pandemiyaya sürətli və effektli reaksiya verilməsində böyük əhəmiyyət kəsb edir. COVID-19 pandemiyası başlanana qədər elmi-tədqiqat işlərinə əhəmiyyətli investisiyalar olmadan rekord qısa vaxt kəsiyində təhlükəsiz və effektli vaksinlərin işlənib hazırlanması mümkün olmazdı”.
Prioritet patogenlər üçün tədqiqatların xüsusi “yol xəritələri” işlənib hazırlanır. Bu xəritələrdə vaksinlərin işlənib hazırlanması üçün zəruri biliklərdəki boşluqlar, müalicə üsulları və diaqnostik testlər qeyd olunur.
Yenilənmiş siyahının 2023-cü ilin birinci rübündə dərc olunacağı gözlənilir.

Səhiyyə 2022-11-22 12:28:00