×
A
A
A
Sazlamalar

Qaradağda qış mövsümünə hazırlıq məsələləri müzakirə olunub

Bakı, 22 noyabr, AZƏRTAC

Qaradağ Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, iclasda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini - Ziyad Əzizov, Bakı Şəhər Mənzil - Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd edib. Eyni zamanda, qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2022-ci il noyabrın 10-da keçirdiyi müşavirədə verilən tapşırıqları yığıncaq iştirakçılarının nəzərinə çatdırılıb və zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Payız-qış mövsümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq fəaliyyət göstərən Qərargah tərəfindən əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyi, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükü edildiyi qeyd olunaraq, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi qeyd edilib.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı rayonlarda müşavirələrin keçirildiyi vurğulanıb, bu sahədə zəruri tədbirlərin görülməsi qeyd olunub.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Cəmiyyət 2022-11-22 12:12:00