×
A
A
A
Sazlamalar

Britaniya Ukraynaya “Brimstone” raketlərinin təkmilləşmiş versiyasını verib

Bakı, 22 noyabr, AZƏRTAC

Böyük Britaniya Ukraynanı əvvəllər verdiyi ilk nəsil “Brimstone” raketlərinin əvəzinə atış məsafəsi iki dəfə artırılmış yüksək dəqiqlikli “Brimstone 2” raketləri ilə təchiz edir.
AZƏRTAC “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, lazer sisteminə malik raketlər ənənəvi olaraq “Tornado” və “Typhoon” qırıcı təyyarələri vasitəsilə buraxılır. Lakin Ukrayna Silahlı Qüvvələri mobil atəş qurğuları kimi yük maşınlarından istifadə edir.
2016-cı ildə Kral Hərbi Hava Qüvvələrinin arsenalına daxil olan “Brimstone 2” raketinin qiyməti təxminən 175 min funt-sterlinqdir (207 min dollar). Təyyarədən atılan raketin uçuş məsafəsi 60 kilometr, yerdəki qurğudan atılan raketin uçuş məsafəsi isə 12 kilometrdir.
Böyük Britaniya bundan öncə Ukraynaya 7 minə yaxın tank əleyhinə NLAW raket kompleksi, 100-dən çox zirehli texnika, “Starstreak” raketləri ilə təchiz edilən “Stormer” özüyeriyən zenit qurğuları, onlarla M109 haubitsası və yedəkli L119 topları, M270 yaylım atəş sistemləri, 16 mindən çox artilleriya mərmisi və 4,5 ton plastik partlayıcı göndərib.
Həmçinin oktyabrın ortalarında Britaniya hökumətinin Ukraynaya ABŞ-ın NASAMS zenit-raket kompleksləri üçün orta mənzilli AIM-120 (Advanced Medium Range Air-to-Air Missile, AMRAAM) raketləri tədarük etdiyi də məlum olub. Bundan başqa, London hər dörd aydan bir 10 min ukraynalı əsgərə üçhəftəlik təlim kursları keçməyi vəd edib. Son məlumata görə, britaniyalı təlimatçılar artıq Ukrayna Silahlı Qüvvələrinin 7 mindən çox hərbçisinə təlim keçib.
Eyni zamanda, noyabrın 19-da Kiyevə səfər edən Böyük Britaniyanın Baş naziri Rişi Sunak Londonun Kiyevə 125 zenit topu, habelə hava hücumundan müdafiəni gücləndirmək və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün xüsusi texnika verəcəyini elan edib.

Dünya 2022-11-22 11:40:00