Qazaxıstan MSK: Prezident seçkilərində Kasım-Jomart Tokayev qalib gəlib
Bakı, 22 noyabr, AZƏRTAC
Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev noyabrın 20-də keçirilən prezident seçkilərində 81,31 faiz səs toplayaraq qalib gəlib.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov məlumat verib. Onun sözlərinə görə, Kasım-Jomart Tokayevə 6 milyon 456 min 393 seçici səs verib, bu da səsvermədə iştirak edənlərin 81,31 faizini təşkil edir.
Kasım-Jomart Tokayevin andiçmə mərasimi noyabrın 26-na təyin olunub. Qazaxıstanın maliyyə naziri Yerulan Jamaubayev andiçmə mərasimi üçün büdcədən əlavə vəsait ayrılmayacağını bildirib.
Prezident seçkilərində ikinci yeri 3,42 faiz səslə “Auıl” (“Kənd”) partiyasının namizədi Jiquli Dairabayev, üçüncü yeri 2,53 faiz səslə iqtisadçı Meyram Kajıken tutub.
Qeyd edək ki, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, altı namizəd mübarizə aparıb. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib.
Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub
Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır
İsveçdə 1-9-cu sinif şagirdlərinə mobil cihazlardan istifadə qadağan ediləcək