×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçiriləcək

Bakı, 22 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin “Açıq qapı” layihəsi davam edir. Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün növbəti “Açıq qapı” günü dekabrın 2-si saat 11-dən 13-dək keçiriləcək.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, “Açıq qapı" gününün keçirilməsində məqsəd vətəndaşların istehlak etdiyi qida məhsullarının institutun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir.
“Açıq qapı” günlərində iştirak etmək istəyən vətəndaşlar (012) 565 12 72 (daxili 205) telefon nömrəsi və ya “1003 – Çağrı Mərkəzi”nə zəng edib qeydiyyatdan keçməklə institutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesində iştirak edə bilərlər.
Qeyd edək ki, bundan əvvəlki “Açıq qapı” günlərində vətəndaşlar və bir sıra media nümayəndələri iştirak edib və qida təhlükəsizliyi sahəsində onları maraqlandıran suallar mütəxəssislər tərəfindən əyani şəkildə cavablandırılıb.

 

Sosial 2022-11-22 10:43:00