×
A
A
A
Sazlamalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 8,9 milyon müraciət qeydə alınıb

Bakı, 22 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin on ayında 8,9 milyon müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə e-təyinatlar davam edib. 210 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, həmçinin e-qaydada 157 min fərdi şəxsi hesab açılıb.
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrindən ibarət 17 min şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilib.
Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən on ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 179 milyon, servislər üzərindən mübadilə sayı isə 12,7 milyon olub.

Sosial 2022-11-22 10:16:00