×
A
A
A
Sazlamalar

Elektron Təhlükəsizlik Xidməti ilə Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bakı, 21 noyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə Bakı Mühəndislik Universitetinin rəhbərliyi arasında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlıq perspektivləri, informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələrinin təcrübə proqramlarına cəlb edilməsi və məzunların gələcəkdə işlə təmin olunması imkanları müzakirə edilib.
Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov vurğulayıb ki, məzunların əmək bazarının tələbatına uyğun peşəkar kadr kimi yetişdirilməsi üçün təhsil müəssisələri ilə istehsalat sahələrinin əməkdaşlığı vacibdir. Bu baxımdan informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələrə mentorluq dəstəyinin göstərilməsi, onların təlimlərə və istehsalat təcrübəsinə cəlb olunması universitetin gördüyü işlərə böyük töhfə verə bilər.
Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev isə çıxışında qurumun kibertəhlükəsizlik sahəsində kadr hazırlığı ilə bağlı həyata keçirdiyi işlər, nəzərdə tutulan gələcək layihələr barədə məlumat verib. Şahin Əliyev qeyd edib ki, Xidmət kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılması istiqamətində təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandumun imzalanması təklif olunub.

İKT 2022-11-21 20:04:00