×
A
A
A
Sazlamalar

Böyük Britaniyada işçi qüvvəsi çatışmazlığı yaşanır

London, 21 noyabr, AZƏRTAC
Böyük Britaniyada işçi qüvvəsi çatışmazlığı bir çox sahədə problem yaradır.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən Britaniya Sənaye Konfederasiyasının illik ümumi yığıncağı zamanı ölkədə işçi qüvvəsi çatışmazlığı əsas müzakirə mövzusu olub.
Konfederasiyanın direktoru Tom Danker bildirib ki, ölkədə işçi qüvvəsi çatışmazlığı immiqrasiya siyasəti ilə həll edilməlidir.
Yığıncaqda danışan Danker Britaniya siyasətçilərini ölkənin immiqrasiya siyasətləri ilə bağlı daha praktik həllər tapmağa çağırıb.
Ölkədəki işçi çatışmazlığının dərinləşdiyinə işarə edən Danker bildirib ki, “Mövcud vəzifələrdə işləmək istəyən işçi yoxdur. Tələb olunan ixtisaslarla işçi qüvvəsi arasında isə uyğunsuzluq var. Buna görə ehtiyacımız olan işçi də, məhsuldarlığımız da yoxdur”.
Direktor biznes nümayəndələrini iqtisadiyyatdakı işçi qüvvəsi boşluğu ilə bağlı dürüst olmağa çağırıb.
Britaniya Büdcə Məsuliyyəti Ofisinin məlumatlarına görə, ölkə hər il orta hesabla 200 mindən çox immiqrant qəbul edir və immiqrantların illik sayının isə 2026-cı ilə qədər 205 minə çatacağı gözlənilir.
Bu ilin oktyabr ayı etibarilə ölkədə ixtisaslı işçi çatışmazlığı 1 milyon 225 min nəfər olaraq qeydə alınıb.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2022-11-21 19:12:00