×
A
A
A
Sazlamalar

Sanatoriya-kurort yollayışı verilən müalicə mərkəzlərinə mediatur təşkil edilib

Bakı, 21 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Naxçıvan Muxtar Respublikasında yerləşən və agentlik tərəfindən sanatoriya-kurort yollayışı verilən müalicə mərkəzlərinə mediatur təşkil edib.
Media nümayəndələri “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və digər imtiyazlı kateqoriyadan olan şəxslərə göstərilən xidmətlərlə əyani tanış olublar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzlərə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və s. xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Həmin prosedurlar nəticəsində xəstələrdə pozitiv dəyişikliklər müşahidə edilir.
Qeyd edək ki, agentlik tərəfindən postmüharibə dövründə 7 minədək imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla təmin edilib ki, onlardan bir hissəsi şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub.
Yollayışla təmin edilənlərdən 308 nəfər imtiyazlı şəxs Naxçıvanda yerləşən sanatoriya-kurort mərkəzlərinə göndərilib.

Sosial 2022-11-21 19:07:00