×
A
A
A
Sazlamalar

NDU-da Əhməd Cavadın 130 illiyi qeyd edilib

Naxçıvan, 21 noyabr, AZƏRTAC

İstiqlal şairi Əhməd Cavadın türkçülüklə, Azərbaycanın müstəqilliyi ilə bağlı əsərləri, dövlət quruculuğu sahəsindəki fəaliyyəti milli nöqteyi-nəzərdən böyük maraq doğurur.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 2022-ci il 20 aprel tarixli Sərəncamına uyğun olaraq ali təhsil ocağında “Əhməd Cavad – 130” mövzusunda keçirilən elmi konfransda vurğulanıb.
Konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış ictimai xadim Əhməd Cavadın azadlığa yol açan, maarifçiliyə işıq tutan ideyaları barədə danışıb. Bildirib ki, hələ Gəncə mədrəsəsində oxuduğu illərdən Əhməd Cavadın dünyagörüşünün formalaşmasında turançılıq ideyaları özünü göstərməyə başlayıb. Türkçülük fəlsəfəsi Balkan savaşı və Birinci Dünya müharibəsi illərində şairin ədəbi-bədii yaradıcılığında aparıcı xətt kimi özünü göstərib. Latın qrafikalı əlifbanı müdafiə edən ilk ziyalılardan olan, Balkan müharibəsində iştirak edən, könüllü əsgər kimi İstanbulun azad olunması uğrunda döyüşən, I Dünya müharibəsində ermənilərə qarşı vuruşan Əhməd Cavad Türkiyə ərazisindəki əsir, qaçqın və köçkünlərə yardım hərəkatının aktiv iştirakçılarından olub. Bakıdakı ”Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad saxta ittihamlarla həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci il repressiyasının qurbanı olub.
“Əhməd Cavad və ədəbi dilimiz” mövzusunda çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova romantik şairin yaradıcılığının Azərbaycan dilinin inkişafına, lüğət tərkibinin zənginləşdirilməsinə olan xidmətlərindən bəhs edib. Şairin dilində yer alan, XX yüzilliyin əvvəllərinə qədər işlək olduğu halda, yüzilliyin ikinci yarısından etibarən ədəbi dilimizin leksikasını tərk edən “eylik”, “çapa” (kətmən), “qollanmaq” (istifadə etmək) və digər maraqlı leksemlər dilçi alim tərəfindən təhlil olunub.
Əhməd Cavadın istiqlalın poetik tərənnümçüsü olduğunu vurğulayan NDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov bildirib ki, poetikada deyim mədəniyyəti, obrazlılıq və üslub gözəlliyi əsas məsələlərdəndir. Bədii dildə sözlər poetik mərama xidmət göstərərək mühüm məntiqi-üslubi səciyyə daşıyır. Dilimizin təəssübkeşi kimi Əhməd Cavadın bədii sənətkarlıq keyfiyyətləri zəngindir və onların linqvistik cəhətdən araşdırılması bir sıra poetik dilçilik faktlarının bilinməsinə imkan yaradır.
Konfransın sonunda NDU-nun Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələri Əhməd Cavadın şeirlərini bədii qiraət ediblər.

Regionlar 2022-11-21 17:22:00