×
A
A
A
Sazlamalar

Azərbaycan Yunanıstanda keçirilən turizm sərgisində təmsil olunub

Saloniki, 21 noyabr, AZƏRTAC

Yunanıstanın Saloniki şəhərində keçirilən “37-ci Philoexenia” adlı beynəlxalq turizm sərgisində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evi tərəfindən Azərbaycan stendi qurulub.
AZƏRTAC xəbər verir ki, cəmiyyət tərəfindən ölkəmizin turizm potensialını təbliğ edən, həmçinin tarixi və mədəniyyəti əks olunan broşür və kitablar, suvenirlər, o cümlədən milli şirniyyatlar ziyarətçilərə təqdim olunub, ölkəmiz barədə videoçarx nümayiş edilib. “Philoxenia” turizm sərgisi zamanı ziyarətçilər tərəfindən ölkəmizin stendinə geniş maraq göstərilib. Həmçinin sərgiyə qatılan tələbələr tərəfindən ölkəmizdə təhsil imkanları barədə məlumat verilib.
Sərgidə 18 ölkədən 335 kommersiya şirkətləri alıcı qismində iştirak ediblər. “Helexpo” tərəfindən təşkil olunan tədbirə qatılanların böyük faizini iş adamları və müxtəlif şirkətlərin nümayəndələri təşkil edib.
Qeyd edək ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evi tərəfindən sərgidə iştirak çərçivəsində qurulmuş əlaqələrin bərpası məqsədilə bir sıra məhsuldar görüşlər keçirib. Azərbaycana səfərə dair turizm paketlərinin hazırlanması istiqamətində Yunanıstanın və digər ölkələrin turizm şirkətləri ilə Azərbaycandan olan turizm şirkətləri arasında birbaşa əlaqə təmin olunub. Bir sıra şirkətlər tərəfindən ölkəmizə turların təşkil edilməsi məqsədilə ilkin razılıq əldə olunub və bu məqsədlə Azərbaycanda maraqlı turizm şirkətləri ilə birbaşa əlaqələr yaradılıb.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki

Turizm 2022-11-21 17:16:00