×
A
A
A
Sazlamalar

Prokurorluğun nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korrupsiyaya qarşı mübarizəyə dair yüksək səviyyəli tədbirində iştirak edib

Bakı, 21 noyabr, AZƏRTAC

Bu il noyabrın 16-17-da Fransanın Respublikasının paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-Korrupsiya Şəbəkəsi (ACN) tərəfindən Şərqi Avropa və Mərkəzi Asiya regionunda korrupsiyaya qarşı mübarizə sahəsində qərar-verənlərin Yüksək Səviyyəli iclası və Şəbəkənin Rəhbər Qrupunun 27-ci görüşü təşkil edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qeyd edilən tədbirlərdə ölkəmiz Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi, tərkibinə Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev və Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyevin daxil olduğu nümayəndə heyəti tərəfindən təmsil olunub.
Qurumun noyabrın 16-da keçirilmiş Yüksək Səviyyəli iclası çərçivəsində baş tutmuş yüksək profilli və mürəkkəb korrupsiya cinayətlərinə qarşı hüquq-mühafizə orqanlarının səylərinin gücləndirilməsinə həsr edilmiş sessiyasında nümayəndə heyətinin rəhbəri Nazim Rəcəbov tərəfindən ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsinə dair geniş məlumat verilib, eləcə də tədbir iştirakçılarının sualları cavablandırılıb.
Bununla yanaşı, noyabrın 17-də Şəbəkənin Rəhbər qrupunun qarşılıqlı müzakirə formatında keçirilmiş 27-ci görüşündə Nazim Rəcəbov tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməsi vurğulanaraq Anti-Korrupsiya Şəbəkəsinin (ACN) növbəti İş Planı və Şəbəkəyə üzv ölkələrin 5-ci monitorinq mərhələsinin Azərbaycan Respublikası tərəfindən tam dəstəklənməsi ifadə edilib.
Aparılmış müzakirələr nəticəsində Şəbəkənin Rəhbər Qrupunun 27-ci görüşündə 2023-2026-cı illər üzrə İş Planı, həmçinin üzv ölkələrdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyinin dəyərləndirilməsi mexanizminin 5-ci mərhələsinin başlanması ilə bağlı müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib, habelə növbəti 3 il üçün Şəbəkənin sədri və müavini seçilib.

 

Cəmiyyət 2022-11-21 15:43:00