×
A
A
A
Sazlamalar

Qəbələ Arxeoloji Mərkəzdə Əhməd Cavadın anadan olmasının 130 illiyi qeyd edilib

Qəbələ, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Arxeoloji Mərkəzdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qəbələ şəhər 3 saylı, Çuxur Qəbələ, Hacallı, Böyük Əmili kənd tam orta məktəblərin şagirdləri, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun əməkdaşları iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan məlumat verilib.
Tədbiri qoruğun direktoru Zahir Kərimov açaraq, Prezident İlham Əliyevin 2022-ci il 20 aprel tarixli Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyinin dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb. Şairin həyat və yaradıcılığı haqqında məlumat verən qoruğun direktoru bildirib ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti və mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur.
Qeyd edilib ki, Əhməd Cavad öz dəst-xəti ilə seçilən söz ustalarındandır. O, şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib. Şairin “Çırpınırdın Qara dəniz” şeirinə dostu, dahi Üzeyir bəyin bəstələdiyi musiqi 75 ildən çoxdur ki, dost və qonşu Türkiyənin ən önəmli marşlarından biri kimi, mütəmadi olaraq radiolarda, televiziyalarda səsləndirilir, rəsmi tədbirlərdə, məclislərdə, mərasimlərdə, eləcə də təntənəli ziyafətlərdə ifa olunur.
Tədbirdə çıxış edən qoruğun əməkdaşı Şamama Cəbrayılova Azərbaycan ədəbi mühitində müstəsna xidmətləri olmuş Əhməd Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qaldığını, hüquqları çeynənən bir ölkənin haqq səsi olduğunu, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilmədiyini, şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etmədiyini diqqətə çatdırıb.
Sonra məktəblilər Əhməd Cavadın sözlərinə bəstələnən Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib, şair tərəfindən qələmə alınmış Vətənə, millətə, azadlıq məfkurəsinə aid şeirlər səsləndiriblər.
Tədbirin sonunda Əhməd Cavad haqqında film nümayiş olunub.

 

 

Regionlar 2022-11-21 15:42:00