×
A
A
A
Sazlamalar

İndoneziyada baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan icmasının üzvləri yoxdur

Tokio, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də İndoneziyanın Yava adasında baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan icmasının üzvləri yoxdur.
Bu barədə AZƏRTAC-ın region ölkələri üzrə xüsusi müxbirinə Azərbaycanın İndoneziyadakı səfirliyindən məlumat verilib. Qeyd edilib ki, zəlzələ nəticəsində nə səfirliyin əməkdaşları, nə də bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri arasında heç kim xəsarət almayıb.
Xəbər verdiyimiz kimi, həmin gün yerli vaxtla səhər saatlarında Qərbi Yava əyalətinin Çiancur şəhərindən 18 kilometr cənub-qərbdə 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin yaydığı məlumata görə, təbii fəlakət nəticəsində 46 nəfər həyatını itirib, təqribən 700 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zəlzələ nəticəsində onlarla binaya ziyan dəyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı elan olunmayıb. Güclü yeraltı təkanlar paytaxt Cakarta da hiss edilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio 

Cəmiyyət 2022-11-21 15:29:00