×
A
A
A
Sazlamalar

Azərbaycan təhsilinin himayədarı

Tərtər, 21 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, Vətənini düşünüb. Onun ürəyi daim Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Ulu Öndər Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini bəlalardan qurtarmağı bacarıb. Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məmləkətinin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Tərtər rayon ziyalısı Ədalət Məmmədov deyib.
O bildirib ki, ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Heydər Əliyev elm və təhsilin ən böyük himayədarı idi.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının hazırlanması prosesi başladı. Həmin dövrdə Azərbaycan Respublikasının dövlət və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Lakin Heydər Əliyev dövlət qulluğunun milliləşməsi prosesini çox məharətlə həyata keçirməyə başladı. Ulu Öndər dövlət qulluğu vəzifələrində azərbaycanlıları irəli çəkməklə yanaşı, milli kadr potensialının sistemli şəkildə hazırlanması prosesini həyata keçirməyə başladı.
Ədalət Məmmədov qeyd edib ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdən başlayaraq Azərbaycanın böyük milli kadr potensialı yaradıldı və 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra onlar ölkənin idarə edilməsinə öz dəyərli töhfələrini veriblər: “1972-1988-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəyə lazım olan mütəxəssis kadrlar yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, hər il 900-dən çox gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi. Mən də həmin gənclərdən biri olmuşam. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra eksperiment yolu ilə Xarkov Aviasiya İnstitutuna daxil olmuşam. O vaxt Ümummilli Liderimizlə bizim Lenin adına sarayda (indiki Heydər Əliyev adına saray) görüşümüz olub. Görüşdə valideynlərimiz də iştirak edirdi. Əvvəlcə sarayın foyesində böyük ziyafət təşkil olunmuşdu. Sonra isə təntənəli mərasim oldu. Ulu Öndər bizi təbrik etdi, hamımıza qiymətli hədiyyələr verdi, avqust ayı üçün hər birimizə tələbə təqaüdü verdi və hər birimizin təyyarə ilə pulsuz təhsil alacağımız şəhərlərə çatdırılmasını təmin etdi. Getdiyimiz şəhərdə hava limanında bizi qarşıladılar və təhsil alacağımız ali məktəblərə apardılar. Bizi müvəqqəti qeydiyyata alıb institutun tələbə yataqxanasına yerləşdirdilər. Təhsil aldığımız illərdə də biz Ulu Öndərin diqqətindən kənarda qalmadıq. Xalqımızın xilaskarı Moskva şəhərində yaşayanda və SSRİ kim nəhəng bir dövlətin rəhbərlərindən biri olanda da bizə - azərbaycanlı tələbələrə diqqət və qayğısını əsirgəmirdi. Azərbaycanla bağlı bayramlarda Ulu Öndər azərbaycanlı tələbələrə bayram təbrikləri göndərirdi. Təhsil aldığımız ali məktəbin rəhbərləri azərbaycanlı tələbələri institutun iclas zalına yığır, bu teleqramları oxuyurdular və Heydər Əliyevin təbrikini bizə çatdırırdılar. Biz tələbələr onunla fəxr edirdik”.
Həmsöhbətimiz sözünü davam etdirərək deyib: “Ümummilli Liderimizlə ikinci görüşüm 1998-ci ildə Bakı şəhərində oldu. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən 1970-1980-ci illərdə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində təhsil almış tələbələri Respublika sarayına yığdı. Orada geniş toplantı keçirdi. Heydər Əliyev həmin toplantıda giriş nitqi söylədi. Dedi ki, mən sizi Azərbaycanın bu günü üçün yetişdirmişəm. Azərbaycan müstəqil dövlətdir. Siz də Azərbaycanın yüksəkixtisaslı kadrlarısınız. Sizinlə birlikdə işləyəcək, ölkəmizi inkişaf etmiş dövlətlər sırasına çıxaracağıq və bütün dünyaya tanıdacağıq. Sizlərdən hansınız hazırda işləmirsə onları işlə təmin edəcəyik. Həmin görüşdə biz ölkə rəhbərinin diqqət və qayğısını bir daha yaxından hiss etdik. Bu kadrlar - peşəkar mütəxəssislər respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu. Onlar sənaye, maliyyə-iqtisadi, ictimai-siyasi, elmi-tədqiqat bölmələrində qabaqcıl kadr kimi çalışmağa başladılar. Onu da qeyd etmək istərdim ki, həmin kadr potensialının bir hissəsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə başladı və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı. Nəzərə almaq lazımdır ki, ölkəmizin hüdudlarından kənarda diaspor hərəkatının yaranmasında da həmin kadrların xüsusi rolu olmuşdur”.
Ədalət Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu bu strategiyanı davam etdirməklə təhsil siyasəti ilə bağlı missiyanın uzunömürlülüyünü təmin etməkdədir. Heydər Əliyevin başladığı siyasətin məntiqi davamı olan bu strategiya hazırda yeni mərhələyə qədəm qoyub. Bu gün azərbaycanlı tələbələr dünyanın ən məşhur təhsil ocaqlarında ən peşəkar kadr kimi yetişir. ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İsveçrə, Türkiyə və digər dövlətlərdə təhsil alan tələbələrin xərclərini dövlət öz üzərinə götürüb. Həmin kadrlar bu gün qloballaşan və inkişaf edən dünyanın yeni idarəetmə texnologiyalarını mənimsəyərək müasir idarəçilik institutunda mühüm rol oynayırlar.

Regionlar 2022-11-21 14:33:00