×
A
A
A
Sazlamalar

STEAM təhsil metodu üzrə təkmilləşdirmə təlimlərində 400-dək müəllim iştirak edib

Şahbuz, 21 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə müəllimlərin STEAM təhsili üzrə təkmilləşdirmə, yeni bacarıqlara yiyələnməsi nəzərə alınaraq növbəti təlimlər keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yeni təlimlərə 54 müəllim cəlb edilib. Ümumilikdə, bu günədək STEAM təhsil metodu ilə bağlı Ağbulaqda təşkil olunan təlimlərdə 150 müəllim və 150 şagird iştirak edib.
Təhsil Nazirliyinin təlimçi-mütəxəssisləri Ceyran Məmmədova, Fuad Babayev, Ələkbər Əliyev, Nailə Kazımova və Mirhəsən Tahirov tərəfindən keçiriləcək təlimdə müəllimlərə proqram əsasında STEAM təhsilinin mahiyyəti, TinkerCad proqramında modelləşdirmə, micro:bit və arduino texnologiyası, kodlaşdırmanın aparılması, 3D modelləşdirmə, 3D printerin iş prinsipi, scratch kodlama bloku, robot təhsil dəstlərinin idarə olunması və lego EV3 modelindən istifadə bacarıqları öyrədiləcək.
Təlim müddətində müəllimlərin yiyələndikləri bacarıqlar və öyrəndikləri yenilikləri müzakirə etmələri üçün diskussiyalar da təşkil olunub.
Qeyd edək ki, STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı üçün ixtisaslaşmış kadrlar tələb olunur. Bunun üçün də müəllimlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq təlimlər keçirilir. Bu günədək 400-ə yaxın müəllim belə təlimlərdə iştirak edib.

Regionlar 2022-11-21 12:50:00