×
A
A
A
Sazlamalar

Filippində COVID-19-a qarşı 31 milyon dozadan çox peyvənd xarab olub

Tokio, 21 noyabr, AZƏRTAC

Filippində koronavirusa qarşı istifadə olunan və ümumi dəyəri 1,6 milyard peso (272 milyon dollar) təşkil edən 31 milyon dozadan çox peyvənd xarab olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Səhiyyə Nazirliyi noyabrın 21-də məlumat yayıb.
Nazirliyi nümayəndəsi Mariya Rozario Verqeyrin bildirdiyinə görə, peyvəndlərdən təqribən 24 milyonun istifadə vaxtı ötüb, qalan 7 milyon doza isə temperaturun dəyişməsi nəticəsində sıradan çıxıb. Nazirliyin sözçüsü əlavə edib ki, koronavirusa qarşı alınmış peyvəndlərin ilk partiyasının saxlama müddəti cəmi altı ay olub.
Filippinin hakimiyyət orqanları dekabrın 5-dən 7-dək əhalinin koronavirusa qarşı peyvənd olunması üçün növbəti kampaniyaya start verməyi planlaşdırır. Bu dəfə, əsasən 5-11 yaş arası uşaqların peyvənd olunması nəzərdə tutulur.
Xatırladaq ki, təqribən 109 milyon əhaliyə malik olan Filippində koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 30-da qeydə alınıb. Həmin vaxtdan ölkə üzrə 4 milyondan çox nəfərin virusa yoluxduğu, onlardan 3,94 milyonunun sağaldığı, 64,4 mininin isə həyatını itirdiyi bildirilir.
Filippin Səhiyyə Nazirliyini yaydığı məlumata görə, 73,6 milyon filippinli COVID-19-a qarşı tam peyvənd edilib. Bununla yanaşı, 20,8 milyon nəfər ilk buster dozanı qəbul edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio 

Dünya 2022-11-21 12:28:00