×
A
A
A
Sazlamalar

Co Bayden 80 yaşlı ilk ABŞ Prezidentidir

Vaşinqton, 21 noyabr, AZƏRTAC

Co Bayden bazar günü özünün 80 illiyini qeyd etməklə Ağ evin bu yaşda fəaliyyətdə olan ilk rəhbərinə çevrilib.
AZƏRTAC Amerika kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, Bayden öz əlamətdar ad gününü Vaşinqtonda, ailəsi ilə birlikdə qeyd edib. Ağ evin mətbuat katibi Karin Jan-Pyerin sözlərinə görə, ölkənin birinci ailəsinin həftəsonları böyük nəvə Naomi ilə Piter Nilin toyundan başlayıb. Təntənəli mərasim Ağ evin cənub çəmənliyində keçirilib.
Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində doğulub. O, ABŞ tarixində ən yaşlı Prezidentdir və 74 yaşınadək bu postda olmuş sələfi Donald Trampdan təxminən 4 yaş böyükdür. Ronald Reyqan Prezident vəzifəsini 1989-cu ildə tərk edəndə 77 yaşı vardı.
Birləşmiş Ştatlarda 2024-cü ilə planlaşdırılan növbəti Prezident seçkilərində Вaydenin 82 yaşı tamam olacaq. Onun adının səsvermə bülleteninə daxil edilib-edilməyəcəyi hələ ki, məlum deyil. Halbuki ötən çərşənbə axşamı o, yenidən seçilmək niyyətini açıqlamışdı. “Bloomberg” jurnalının məlumatına görə, bu məsələ ilə bağlı elan 2023-cü ilin əvvəlində verilə bilər.
Baydenin yaşı onun siyasi opponentləri tərəfindən tənqid obyekti olmasına baxmayaraq, o, ABŞ rəhbərliyində heç də ən qoca dövlət qulluqçusu deyil. Hər iki partiyadan Konqresə üzv olanlar arasında yaşı Baydenin yaşından yuxarı olanlar var. 89 yaşlı senator Dayana Faynşteyn, 89 yaşlı senator Çak Qrassli, 81 yaşlı senator Berni Sanders və Nümayəndələr Palatasının üzvü 82 yaşlı Nensi Pelosi bu siyahıya daxildirlər. 117-ci Konqresdə Nümayəndələr Palatasının üzvlərinin orta yaşı təqribən 58, senatorların orta yaşı 64-dən yuxarıdır.
AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2022-11-21 11:52:00