×
A
A
A
Sazlamalar

Ağdaşın xurma bağlarında fitosanitar monitorinqlər aparılıb

Bakı, 21 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən mövsümə uyğun olaraq Ağdaş rayonunun Dəhnəlxəlil, Kotanarx, Yuxarıağca, Yazıhüşün və Ərəb kəndlərində təxminən 82 hektar ərazini əhatə edən xurma bağlarında fitosanitar monitorinqlər aparılıb.
Monitorinqlər zamanı karantin tətbiq edilən zərərli orqanizmlərdən müxtəlif çanaqlı yastıca növləri ilə sirayətlənmiş meyvələrə rast gəlinib. Üzərində zərərverici olan meyvələrdən nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Bununla yanaşı, meyvə bağlarında Aralıq dənizi meyvə milçəyinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə əvvəlki monitorinqlərdə asılmış feromon tələlərə baxış keçirilib, xurma bağlarında və ona yaxın ərazilərdə həmin zərərvericinin mövcud olmadığı müəyyən edilib.
Monitorinqlər zamanı təsərrüfat sahiblərinə xurma bitkisinin əsas zərərvericiləri, onlara qarşı mübarizə üsulları və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi ilə əlaqədar məlumatlar verilib.

Sosial 2022-11-21 11:15:00