×
A
A
A
Sazlamalar

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib VİDEO

Lənkəran, 21 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində yerləşən, şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan Astara rayonu üzrə 2, Cəlilabad rayonu üzrə 16, Lənkəran rayonu üzrə 4, Lerik rayonu üzrə 9, Masallı rayonu üzrə 12 və Yardımlı rayonu üzrə 9 olmaqla, ümumilikdə, 52 ümumtəhsil məktəbi var.
Həmin vakant yerlərin tutulması üçün elan olunan direktorların işə qəbulu müsabiqəsinə 126 nəfər namizəd sənəd verib. Onlardan 90 nəfərinin test mərhələsində, 36 nəfərinin isə birbaşa müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.
Birbaşa müsahibə mərhələsində iştirak edəcək namizədlər şagird sayı 150-dək olan ümumtəhsil məktəblərini seçdikləri üçün test mərhələsindən azad olunublar.
Namizədlərə 80 dəqiqə ərzində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqı düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, 45 test tapşırığı təqdim edilib.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən iyul ayında keçirilmiş direktorların işə qəbulu müsabiqəsi nəticəsində uğur qazanan 25 nəfər namizəd direktor vəzifəsinə təyin olunub.

 

 

Regionlar 2022-11-21 10:59:00

Video