×
A
A
A
Sazlamalar

Lənkəranda şəhidin xatirəsinə inşa olunan bulaq kompleksi açılıb

Lənkəran, 21 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəran rayonunun Viravul kəndində şəhid, Sərhəd Qoşunlarının polkovniki Nəzirov Emil Nəzir oğlunun xatirəsinə tikilən bulaq kompleksinin açılışı olub.
Açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, şəhid ailəsinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səslənməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, Azərbaycan dövləti və xalqı var olduqca şəhidlərimizin adlarının əbədiləşdirilməsi, keçdikləri nümunəvi döyüş yollarının təbliği, Vətən sevgilərinin gələcək nəsillərə aşılanması daim davam edəcək. İcra başçısı qeyd edib ki, şəhidlərimiz Vətən sevgisinin ən kamil formasını yaşayan ali şəxslərdir. Onun sözlərinə görə, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir.
Şəhid qardaşı Abbas Nəzirov Lənkəranda şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin nümunə təşkil etdiyini vurğulayıb. Bildirib ki, şəhid ailələrinə olan diqqət və qayğı onların mənəvi rahatlığı üçün olduqca vacib amillərdəndir. Şəhid qardaşı hər zaman şəhid ailələrinə diqqətlə yanaşdıqları, onlar tərəfindən qaldırılan istənilən məsələyə həssaslıq göstərdikləri üçün dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Sonda Viravul kənd tam orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.
Qeyd edək ki, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olan polkovnik E.Nəzirov DSX-nin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub və II Şəhidlər xiyabanında dəfn edilib.

Regionlar 2022-11-21 10:35:00