×
A
A
A
Sazlamalar

İki il əvvəl işğaldan azad olunmuş Ağdamın yeni inkişaf dövrü başlayıb

Ağdam, 20 noyabr, AZƏRTAC

Ağdam şəhərinin işğaldan azad edilməsindən iki il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

Ağdamda erməni vandalizmi

1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vəhşilik həyata keçiriblər. Ağdam şəhərində və rayonun kəndlərində evlər, ictimai binalar, məktəblər, xəstəxanalar, istehsalat müəssisələr talan edilib, dağıdılıb və yandırılıb. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində yalnız xarabalıqlar qalıb. Ağdama səfər edən xarici jurnalistlər oranı Qafqazın “Xirosima”sı adlandırırlar.

İşğaldan azad olunmuş Ağdama səfər edən Prezident İlham Əliyev deyib: “Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub, biz hansı vəhşilərlə üz-üzə idik, biz hansı vəhşiləri məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıblar, torpaqlarımızdan istifadə ediblər”.

Ağdam özünün yeni dövrünə qədəm qoyub

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 20-də xalqa müraciətində rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdıb. Azadlığına qovuşmuş bu şəhərdə böyük quruculuq, təmir-bərpa işləri aparılır.
Baş plana əsasən burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq, fərdi evlər və çoxmərtəbəli yaşayış binaları inşa olunacaq. Artıq şəhərdə ilk yaşayış məhəlləsinin və 1 nömrəli tam orta məktəbin tikintisi həyata keçirilir. Ümumilikdə Ağdam şəhərində 15 məktəb və uşaq bağçasının inşası planlaşdırılıb. Şəhərin nəqliyyat infrastrukturu da əhalinin rahatlığına hesablanıb. Belə ki, küçələrdə piyada, velosiped və ictimai nəqliyyat üçün zolaqlar, eləcə də tramvay xətləri nəzərdə tutulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin təməlqoyma mərasimlərində iştirak edib, Pənahəli Xanın Sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışını ediblər.
Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə hər səfəri regionun dirçəlməsi üçün ən vacib infrastruktur layihələrinin icrası və təməlqoyma mərasimləri, tarixi-mədəni, dini abidələrin bərpası ilə müşayiət olunur və “Böyük Qayıdış”ı addım-addım yaxınlaşdırır.

Mühüm infrastruktur layihələri icra olunur

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi prioritet istiqamətlərdəndir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdam rayonunda da bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanılıb.

Prezident İlham Əliyev oktyabrın 5-də Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib: “İndi biz burada - işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələr icra olunur”.
Hazırda Bərdə-Ağdam, Ağdam-Füzuli avtomobil yollarının, Bərdə-Ağdam dəmir yolunun tikintisi davam etdirilir. Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu da yenidən qurulacaq.
Rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə “Azərenerji” ASC tərəfindən hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilib. Bu yarımstansiyalarda rəqəmsal idarəetmə mərkəzi yaradılıb, skada sisteminə qoşulub. Paralel olaraq fiberoptik kabellər çəkilib və bu da Ağdam şəhərinin gələcəkdə yüksəksürətli internet ilə təchiz olunmasına şərait yaradacaq.
İşğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçirilir. Belə ki, Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində, Ağdam cümə məscidində və Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Xurşidbanu Natəvanın İmarət kompleksindəki qəbirüstü abidəsi bərpa edilib. İmarət kompleksi, Ağdam cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası və digər abidələrimiz bölgəni həm də turizm baxımından tanıtdıracaq.

Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək

Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə bir sıra layihələr icra olunur. Onlardan biri Ağdam Sənaye Parkıdır.

Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və sair təşkili müəyyənləşdirilib.
Sənaye Parkında sosial zonanın təşkili istiqamətində işlər yekunlaşdırılıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.
Sahibkarlar Ağdam Sənaye Parkına böyük maraq göstərirlər. İndiyədək 12 sahibkarlıq subyektinə rezident statusu verilib. Artıq müxtəlif çeşiddə sintetik xalçaların və prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına başlanılıb. Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edilib, məhsulun topdan və pərakəndə satışı həyata keçirilir.
Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.
Göründüyü kimi azadlığına qovuşmuş Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb. Çox keçməyəcək ki, onun əvvəlki acı mənzərəsinin yerində müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl bir şəhər görəcəyik.


Tahir Ağaməmmədov,
AZƏRTAC-ın müxbiri

Regionlar 2022-11-20 12:15:00