×
A
A
A
Sazlamalar

“Yurdçu və yurdçulular” kitabı işıq üzü görüb

Naxçıvan, 20 noyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Məmmədovun (Yurdoğlu) “Yurdçu və yurdçulular” kitabı işıq üzü görüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni nəşr müəllifin 20 il ərzində apardığı araşdırmaların nəticəsində ərsəyə gəlib. Bədii, elmi, publisistik janrlarda yazılmış 14 kitabın müəllifi olan Elxan Yurdoğlu yeni nəşrdə Yurdçu kəndinin tarixi, tariximizə işıq tutan arxeoloji abidələri, Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə çatan qəhrəman övladları, torpaqlarımızın bütövlüyü uğrunda vuruşan mərd oğulları, alimləri, yazıçı-şairləri və digərləri barədə ətraflı məlumatlar yer alıb. Kitabın nəşrində Azərbaycan diasporunun Rusiya və Amerikada yaşayan nümayəndələri Qabil və Elçin Məmmədovlar dəstək göstəriblər.
Qeyd edək ki, Yurdçu kəndinin ərazisi tarixi abidələr zəngindir. Dəmir dövrünə aid arxeoloji abidə olan Yurdçu yaşayış yeri, son antik dövrə aid arxeoloji abidə - kurqanlar, Tunc və İlk Dəmir dövrlərinə aid Yurdçu nekropolu, Dəmir dövrünə aid Yurdçu sərdabəsi və digərləri qədim tariximizi özündə yaşadır. Hələ sovet dövründə Naxçıvana qarşı iddialarını gizlətməyən xain qonşularımız Yurdçu kəndində aparılan qısamüddətli arxeoloji qazıntılar zamanı aşkar edilən qiymətli tapıntıları özününküləşdirməyə çalışıblar. Lakin həmin vaxtı azərbaycanlı arxeoloqlar buna imkan verməyiblər. Kəndin adını kitablarında “Qarvaçar” kimi qeyd edən erməni “tarixçilər” bu yaşayış yerində, guya, erməni xalqının tarixinə dair bir sıra arxeoloji məlumatların olduğunu iddia ediblər.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin Yurdçuda aparılan arxeoloji qazıntıların nəticələrini özündə əks etdirən və hələ uzun illər əvvəl İtaliyada işıq üzü görən kitabı xain qonşularımıza sanballı cavab olub və onların susdurulmasına xidmət edib. Elxan Yurdoğlunun apardığı araşdırmaların nəticəsi olan yeni nəşr də bu baxımdan əhəmiyyət kəsb edir.

Regionlar 2022-11-20 08:24:00