×
A
A
A
Sazlamalar

"Uşaq hüquqları aylığı" çərçivəsində Cəlilabadda tədbir təşkil olunub

Cəlilabad, 20 noyabr, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində “BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaq hüquqlarının müdafiəsində mütərəqqi sənəddir” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir Ombudsmanın Cənub Regional Mərkəzinin və Cəlilabad rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaqların ölkəmizdə fiziki, əqli, mənəvi-əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malik olduğunu diqqətə çatdırıb, Uşaq Hüquqları Konvensiyasını əhatə edən 54 maddə və 4 kateqoriya haqqında ətraflı məlumat verib. Z.İsmayılov bildirib ki, dövlətimiz uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşması, sağlam böyüməsi üçün lazım olan hər şeyi edir.
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov işğal dövründə və Vətən müharibəsində erməni işğalçıları tərəfindən qətlə yetirilən uşaqlar haqqında məlumat verib. Həmçinin dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm işlərdən söz açıb.
Çıxışlarda BMT-nin Uşaq Hüquqları Konvensiyasının bir çox müddəalarına şərhlər verilərək, uşaq və gənclərimiz tərəfindən bu konvensiyaya dair məlumatlılığın mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Regionlar 2022-11-20 04:42:00