×
A
A
A
Sazlamalar

“İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşdırılan startapların regional seçim mərhələsi davam edir

Mingəçevir, 19 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Noyabrın 19-da “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə icra edilən “İdeyadan biznesə” (“I2B”) layihəsinin Mingəçevir şəhərində ilk regional seçim mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə layihə müddətində inkubasiya proqramını uğurla tamamlamış 14 startap təqdimatı olub. Layihə çərçivəsində öz startaplarının ilkin prototipini və ya minimal işlək məhsulunu hazırlamış Gəncə, Tovuz, Qəbələ, Zaqatala, Şəki, Qax və Mingəçevirdən olan komandalar münsiflər heyəti qarşısında təqdimatla çıxış ediblər.
“İdeyadan biznesə” layihəsinin koordinatoru Təbriz Rzayevin sözlərinə görə, münsiflərin rəyi üzrə seçilən uğurlu startaplar Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaq.
Münsiflər heyəti Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Azərbaycan Gənclər Fondunun, Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinin nümayəndələrindən ibarət olub.
Qeyd edək ki, 2022-ci ildə “İdeyadan biznesə” layihəsinin inkubasiya proqramında 100-dən çox layihə formalaşmış, onlardan 30-u konsept, prototip və ya minimal işlək məhsul mərhələsinə çatdırılmışdır.

Regionlar 2022-11-19 22:07:00