×
A
A
A
Sazlamalar

Naxçıvanda Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib

Naxçıvan, 19 noyabr, AZƏRTAC

Cəmiyyətin gələcək inkişafının əsasını təşkil edən uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 20 noyabr – Ümumdünya Uşaq Günü ilə əlaqədar Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə bu fikirlər vurğulanıb.
Əvvəlcə aparıcılar bu günün tarixi haqqında məlumat verərək bildiriblər ki, 1959-cu il noyabrın 20-də uşaqların rifahı naminə və onların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu il noyabrın 20-də isə 54 maddədən ibarət Uşaq Hüquqları Konvensiyasını qəbul edib. Ona görə də noyabrın 20-si “Ümumdünya Uşaq Hüquqları Günü” kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində qeyd edilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxışında diqqətə çatdırıb ki, uşaqlar ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı ilə təmin edilir. Muxtar respublikada uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafının təmin edilməsi məqsədilə Dövlət proqramlarının qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Komitənin sədr müavini muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.
Muxtar respublikanın təhsil nazirinin müavini Heyran Əhmədova və mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxışlarında həyata keçirilən uğurlu dövlət uşaq siyasəti haqqında danışıblar. Bildirilib ki, uşaq hüquqları ilə bağlı qanunvericilik bazası və hüquqi-normativ aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, onların əsl vətəndaş kimi formalaşmaları üçün ardıcıl tədbirlər görülüb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-2023-cü tədris ilində təhsil, idman, incəsənət nominasiyaları üzrə fərqlənən 15 uşağa diplomlar təqdim edilib. Bədii hissədə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnəyinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qruplarının, Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının balaca fidanlarının vətənpərvərlik mövzusunda çıxışları olub.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Regionlar 2022-11-19 20:46:00