×
A
A
A
Sazlamalar

Lənkəranda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Lənkəran, 19 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və idarənin tabeliyində fəaliyyət göstərən Lənkəran Uşaq Rəssamlıq Məktəbinin müəllim və şagirdləri şəhid Məmmədov Rəşid Rəşad oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə ziyarətçilər şəhidin xatirə bulağını və məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Daha sonra şəhidin valideynləri ziyarət edilib. Görüşdə şəhid Rəşid Məmmədovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan, Lənkəran Uşaq Rəssamlıq Məktəbində təhsil aldığı illərdən, rəsm çəkməyə olan böyük həvəsindən danışılıb.
Həmçinin, idarə rəisi Ş.Şahbazov şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını, heç bir zaman unudulmayacağını və dövlətimizin daim şəhid ailələrinin və qazilərimizin yanında olduğunu qeyd edib.
Şəhid valideynləri dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhidlərimizə dəyər verdiklərini, şəhid ailələrini diqqətdə saxladıqları üçün onlara xüsusi olaraq təşəkkür ediblər.
Sonda rəssam Tərlan Sadıqovun çəkdiyi şəhid Rəşid Məmmədovun portreti ailəsinə təqdim edilib və əziz xatirəsinə bir daha ehtiram ifadə olunub.
Qeyd edək ki, Rəşid Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Regionlar 2022-11-19 18:36:00