×
A
A
A
Sazlamalar

“Big Data” analitikası problemləri üzrə tədqiqatlar aparılır

Bakı,19 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda “Big Data” analitikası problemləri üzrə tədqiqatlar aparılıb.
Bu barədə Elmi şuranın növbəti iclasında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hesabatı təqdim edən texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyətindən söz açaraq “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda aparılan tədqiqatlardan bəhs edib. O, “Big Data” mühitində intellektual potensialın qiymətləndirilməsinin nəzəri-metodoloji əsaslarının tədqiqi, bu potensialın formalaşdırılması xüsusiyyətləri, həmçinin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübənin və intellektual potensialın ölçülməsinin əsas indikatorlarının, eləcə də informasiya cəmiyyəti şəraitində intellektual insan resurslarının miqrasiyası problemlərinin tədqiqi ilə bağlı araşdırmaların nəticələrinin məqalə və konfrans materiallarında öz əksini tapdığını diqqətə çatdırıb.
Şöbə müdiri “Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi”, “Şəbəkə trafiki verilənlərində anomaliyaların (DoS hücumların) aşkarlanması metodlarının analizi”, “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” və digər mövzular üzrə aparılan tədqiqatları diqqətə çatdırıb, onların nəticələri barədə məlumat verib.
M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, bu istiqamətdə şöbə əməkdaşları tərəfindən bir qrant layihəsində iştirak edildiyini, dissertasiya işlərinə və institutun jurnallarında çap olunan məqalələrə rəylərin verildiyini bildirib.
Şöbə rəhbəri elmi-pedaqoji fəaliyyət çərçivəsində 2 magistranta rəhbərlik edildiyini vurğulayıb. O, həmçinin şöbənin elmi-təşkilati fəaliyyəti, şöbə əməkdaşlarının elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında məlumat verib.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2022-11-19 14:46:00