×
A
A
A
Sazlamalar

Gömrükçülər külli miqdarda siqaret aşkarlayıblar

Bakı, 19 noyabr, AZƏRTAC

Gömrükçülər külli miqdarda siqaret aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs “Suma-94” MMC-nin İrandan idxal etdiyi portağal yükünü daşıyan 99 DE 312 / 99 ZB 124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocasən gömrük postunda baxış keçirilib. Bu zamana portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 23 min 846 qutu “Kent”, 7980 qutu “Marlboro”, 500 qutu “Parliament”, 15 min qutu “Milano” və 90 qutu “Senator” markalı olmaqla, ümumilikdə 948 min 320 ədəd siqaret aşkar edilərək götürülüb.
Bu qanunsuz əməllərin törədilməsində iştirakı olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Külli miqdarda gömrük ödənişlərinin və vergilərin dövlət büdcəsinə ödənilməsindən, aksiz markası ilə markalanmadan, mənşə, keyfiyyət üzrə və digər qanuni tələblərdən yayınmağa hesablanmış bu cür hərəkətlər yolverilməzdir və son nəticədə dövlətin iqtisadi təhlükəsizliyinə, istehlakçıların sağlamlığına, bu sahədə qanuni fəaliyyət göstərən şəxslərin, habelə dövlət büdcəsindən bəhrələnən əhalinin bütün təbəqələrinin mənafeyinə ziyan vurur.
Bu cür hərəkətlərin qarşısının alınması məqsədilə DGK tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Hadisə 2022-11-19 14:28:00