×
A
A
A
Sazlamalar

Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlər işlənilir

Bakı, 19 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında baş mütəxəssis Sabirə Ocaqverdiyeva “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Mövzunun aktuallığından bəhs edən məruzəçi deyib ki, virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilərin, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaq və yeniyetmələr üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. İnternet asılılıq problemləri və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə, davranışına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir.
S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatları və təhlükəsizlik sistemlərinin mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlər görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha etibarlı proqram vasitələri və mexanizmlərinin yaradılmasına böyük ehtiyac duyulur.
Tədqiqatçı bildirib ki, dissertasiya işi çərçivəsində internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model işlənib, ölkəmizdə Milli Təhlükəsiz İnternet Mərkəzinin fəaliyyəti üçün təkliflər verilib.
Mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mövzunun müasir dövrdə böyük aktuallıq kəsb edən məsələlərə həsr olunduğunu diqqətə çatdırıb. Akademik ölkəmizdə IV Sənaye İnqilabı əsaslı, hüquqi, təşkilati, texnoloji imkanlara malik olan, peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyi Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasının uşaq və yeniyetmələrin virtual mühitdə olan zərərli kontentlərdən qorunması, bu istiqamətdə ümummilli səviyyədə məlumatlandırmanın həyata keçirilməsi baxımından əhəmiyyətindən bəhs edib.

Texnologiya 2022-11-19 11:33:00