×
A
A
A
Sazlamalar

Şirvanda idmançılar və intellektual bilik yarışının qalibləri Fəxri fərmanla təltif ediliblər

Şirvan, 19 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Beynəlxalq idman yarışlarında uğurlu nəticələr əldə etmiş idmançılar və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə?, Harada?, Nə zaman?” intellektual bilik yarışında ikinci yerə layiq görülmüş Şirvan şəhər komandasının üzvləri ilə Şirvanda görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov qazandıqları uğurlu nailiyyətlərə görə idmançıları təbrik edərək onlara daha böyük qələbələr qazanmağı arzu edib. Qeyd edilib ki, ölkəmizin son 20 ildə qazandığı yüksək nəticələrin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Həmçinin ölkə başçısı İlham Əliyev tərəfindən ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açılıb. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin davamı olaraq, Şirvan şəhərində müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Şəhər icra hakimiyyətinin başçısı, həmçinin Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada?, Nə zaman?” intellektual bilik yarışında ikinci yerin qalibi olan komanda üzvlərini təbrik edib. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarında intellektual gənclər ordusunun olması çox sevindiricidir.
Çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva Şirvan şəhər idmançıları tərəfindən qazanılan uğurların 2022-ci ildə də davam etdiyini bildirib. Qeyd edilib ki, Fərid Cabbarov çimərlik güləşi üzrə dünya və Avropa çempionu adına, Əbülfəz Nəsirov IV Dünya Köçəri Oyunlarının pəhləvan güləşi yarışında birinci yerə, Mehman Hüseynov universal döyüş üzrə Avropa çempionatında qızıl medala, Cəlal Hüseynov V İslam Həmrəyliyi Oyunlarında futbol üzrə yığma komandanın heyətində bürünc mükafata, Zəhra Əlizadə və Hüsniyyə Əlizadə Bolqarıstanda bədii gimnastika üzrə beynəlxalq turnirdə birinci yerə, Səma Məmmədli ikinci pilləyə, İlkin Abdulov Şimali Kipr Türk Respublikasında keçirilən stolüstü tennis üzrə beynəlxalq turnirdə gümüş medal, Malik Hüseynov və Xəzər İbrahimli Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə turnirdə qızıl medala, Şahin Məmmədov ikinci II yerə, İsmayıl Rüstəmov, Əli Ədilov və Ziya Azayev üçüncü yerə layiq görülüblər. Aynur Fərzəliyeva gənclərin idmanla yanaşı təhsilə, elmə də önəm verdiyini bildirərək, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş Bakı şəhərində, Gülüstan sarayında keçirilmiş “Nə? Harada?, Nə zaman?” intellektual bilik yarışının final mərhələsində Şirvan şəhər komandası ikinci yerə layiq görülüb.
Sonra Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Gənclər və İdman İdarəsinin direktoru Samit Həsənov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Ramin Tağıyev, Gənclər Evinin direktoru Əfqan Həsənov beynəlxalq yarışlarda ölkəmizi və Şirvanı layiqincə təmsil edən idmançıları, onların məşqçilərini, intellektual bilik yarışının qaliblərini təbrik edərək uğurlar arzulayıblar.
Sonda idmançılara və komanda üzvlərinə şəhər icra hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və Şirvan Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş Kamal Qədirliyə sertifikat təqdim edilib, xatirə şəkli çəkilib.

Regionlar 2022-11-19 01:23:00