×
A
A
A
Sazlamalar

Babək rayonunda bələdiyyə bağları salınıb

Babək, 18 noyabr, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən silsilə ekoloji tədbirlər çərçivəsində yeni bağların salınması, yaşıllıq sahələrinin genişləndirilməsi davam etdirilir. Ağacəkmə və yaşıllaşdırma aksiyası Babək rayonunda da mütəşəkkilliklə aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Cəhri və Didivar bələdiyyələrinin təşəbbüsü ilə həmin yaşayış məntəqələrində bələdiyyə bağları salınıb. Ağacəkmə aksiyalarında ictimaiyyət nümayəndələri fəallıq göstəriblər. Yeni bağın salınması üçün Cəhri bələdiyyəsinin mülkiyyətindəki 1 hektarlıq ərazi əvvəlcədən şumlanıb, ting əkini üçün hazır vəziyyətə gətirilib. Ərazidə iqlim şəraitinə uyğun 650 badam tingi əkilib. Bundan başqa, Didivar kəndində də yeni bağın salınması üçün 0,5 hektarlıq ərazi əkinəyararlı hala salınıb və həmin sahəyə aksiya iştirakçıları 300 badam tingi əkiblər.
Rayonun digər bələdiyyə torpaqlarında da belə bağların salınması planlaşdırılır. Bu cür bağların salınmasının əhəmiyyətli tərəflərindən biri də budur ki, gələcəkdə bağlardan toplanan, yüksək məhsuldarlıq və alıcılıq qabiliyyətinə malik meyvə və çərəz məhsullarını satışa çıxarmaqla bələdiyyələr öz maliyyə imkanlarını yaxşılaşdıracaq, qazanılan vəsaiti yaşayış məntəqələrinin abadlığına, təmizliyinə sərf edə biləcəklər.

 

Regionlar 2022-11-18 19:21:00