×
A
A
A
Sazlamalar

Niderlanddakı Azərbaycan icması Fransa Senatının qətnaməsini dəyərsiz kağız parçası adlandırıb

Bakı, 18 noyabr, AZƏRTAC

Niderlandda fəaliyyət göstərən Hollanda Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Fransa Senatının Azərbaycana qarşı bədnam qətnaməsinə etiraz məqsədilə Fransanın bu ölkədəki səfirliyinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dərnəyin sədri İlhan Aşkının adından Fransa səfirliyinə ünvanlanan müraciətdə bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan üçün heç bir dəyəri olmayan kağız parçasıdır: “BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransa bu cür addımlarla beynəlxalq hüquq normalarını pozur. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi neytral mövqe tutmalı olduğu halda, tamamilə ermənipərəst mövqe tutur və Azərbaycana qarşı təcavüz fenomenini dəstəkləyir”.
Qeyd edilib ki, bu qətnamənin Fransa Senatı tərəfindən qəbul edilməsi və onun Milli Assambleyaya göndərilməsi Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Fransa tərəfindən tanınmış ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq-aşkar etinasızlıq, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsini heçə saymaq deməkdir.
Dərnək sədri diqqətə çatdırıb ki, Fransa Senatının qərarı Azərbaycanın üzərinə heç bir hüquqi öhdəlik qoya bilməsə də, Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salıb.

Diaspor 2022-11-18 18:19:00