×
A
A
A
Sazlamalar

On ayda Orta dəhlizlə konteynerlə yükdaşımalar 45 faiz artıb

Bakı, 18 noyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində keçirilən 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi çərçivəsində “Orta Dəhlizin İnkişafı: Tranzit və Nəqliyyat Əməkdaşlığı” üzrə panel sessiyası təşkil edilib.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, “Yeni imkanlar üfüqündə” mövzusunda təşkil edilən toplantıya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun keçdiyi ölkələrin dəmir yolu idarələrinin nümayəndələri qatılıblar.
Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvlərindən biri olan MMC-nin direktoru Natiq Cəfərov Orta dəhlizlə daşımaların dinamikasını əks etdirən təqdimatla çıxış edib. Bildirilib ki, bu ilin 10 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz artıb. Yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artdığı, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrildiyi diqqətə çatdırılıb.
Marşrutun imkanlarının genişləndirilməsi müzakirə edilib. Çin-Avropa-Çin marşrutunun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə təşkil edilən fider xidmətlərinin önəmi vurğulanıb.

Nəqliyyat 2022-11-18 16:20:00