×
A
A
A
Sazlamalar

Azərbaycan BMT ölkələrinin nazirlərinin Şəhərlər və İqlim Dəyişikliyi ilə bağlı iclasında təmsil olunub

Bakı, 18 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Misirin Şarm əl-Şeyx şəhərində keçirilən 27-ci Tərəflər Konfransı (“COP27” – “27th Conference of Parties”) çərçivəsində üzv ölkələrin şəhərsalma və məskunlaşma nazirlərinin “Şəhərlər və İqlim Dəyişikliyi” mövzusunda iclası keçirilib. Nazirlər İclasında ölkəmizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmilərinin daxil olduğu nümayəndə heyəti təmsil edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, “COP27”, Konfransa ev sahibliyi edən Misir Ərəb Respublikasının Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyi və BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) birgə təşkil etdiyi bu iclasın məqsədi iqlim və şəhər icmaları arasında sinerjinin artırılması, iqlim dəyişikliyi və şəhərsalma məsələlərinin kompleks həlli üçün ölkələrdə milli və yerli səviyyələrdə müvafiq tədbirlərin həyata keçirilməsini təşviq etməkdir.
İclas gündəliyinin əsas məsələsi kimi “UN-Habitat” və “COP27” tərəfindən Dayanıqlılıq üçün Yerli Hökumətlər Şəbəkəsinin (“ICLI” – “Local Governments for Sustainability”) dəstəyi ilə irəli sürülən “Gələcək Nəsillər üçün Dayanıqlı və Davamlı Şəhərsalma” (“SURGe” – “Sustainable Urban Resilience for the Next Generation”) təşəbbüsü təqdim olunub. “SURGe” təşəbbüsü dayanıqlı şəhər sistemlərinə nail olmaq üçün bu sahədə mövcud olan müxtəlif təşəbbüslərin ümumi çərçivəsi qismində irəli sürülüb. Təşəbbüsün məqsədi şəhərlərdə iqlim gündəliyinin icrasının intensivləşdirilməsi, iqlim maliyyələşməsinin artırılması, bu sahədə mövcud potensialın gücləndirilməsi, texnologiya və innovasiyalardan yararlanmaq imkanlarının genişləndirilməsi, eləcə də dünyanın şəhər icmaları arasında bərabərliyin təmin edilməsi kimi kompleks tədbirlərin reallaşdırılmasıdır.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin “UN-Habitat”ın icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşü keçirilib. Görüş zamanı xanım icraçı direktor Azərbaycan Hökumətinə təşkilatın fəaliyyətinə göstərdiyi hərtərəfli dəstəyə görə minnətdarlığını ifadə edib, bir sıra istiqamətlər üzrə ölkəmizlə əməkdaşlıq səviyyəsindən məmnunluğunu bildirib.
Komitə sədri Anar Quliyev “UN-Habitat”ın fəaliyyətinə dəstəyin davam etdiriləcəyini vurğulayaraq, “SURGe” təşəbbüsünün Azərbaycan üçün yüksək əhəmiyyətli olduğunu və bu təşəbbüsün reallaşdırılmasında ölkəmizin fəal iştirak edəcəyini diqqətə çatdırıb.
Görüşdə ölkəmizlə “UN-Habitat” arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təşkilatın tezliklə Azərbaycanda layihə ofisinin açılması, onun əsas fəaliyyət istiqamətləri, habelə 2023-cü ildə ölkəmizdə 2-ci dəfə keçiriləcək “NUFA2” – Azərbaycan Milli Şəhərsalma Forumu ilə bağlı bir sıra təşkilati məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü olub. Görüşdə şəhərsalma fəaliyyətində iqlimə mənfi təsirin minimuma endirilməsi üzrə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.
Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti üzvlərinin Misirin Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyinin rəsmiləri ilə də keçirilmiş görüşündə ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub, 2024-cü ildə Misirdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 12-ci sessiyasında (“WUF12”) Azərbaycanın iştirakına dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tikinti̇ 2022-11-18 15:53:00