×
A
A
A
Sazlamalar

Sosial şəbəkədə tanış olduğu şəxsləri xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Bakı, 17 noyabr, AZƏRTAC

Lənkəran rayonunun Siyavar sakini olan bir nəfər polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu Anar adlı şəxsin işə düzəltmək adı ilə ondan 3500 manat məbləğində pulunu alaraq mənimsədiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, zərərçəkmiş şəxs müraciətində pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü bildirib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Anar Rzayev olduğu müəyyən edilib. Aparılan əlavə araşdırmalar nəticəsində həmin şəxsin sosial şəbəkə vasitəsilə tanış olduğu daha üç Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, Anar Rzayev həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsəyib.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Anar Rzayevin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə və ya ərazi polis orqanına müraciət edə bilərlər.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-11-17 15:35:00