×
A
A
A
Sazlamalar

Canni De Byazi: Komandamın oyunundan razı qaldım

Bakı, 16 noyabr, AZƏRTAC

Hər iki komanda son üç oyunda ardıcıl qələbə qazanmışdı. Yaxşı formada olan komandaya qarşı oynadıq. Diqqətli olmalıydıq. Bu gün yeni müdafiə xətti ilə oynayırdıq. Mərkəzdə çıxış edən Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk çox yaxşı oyun keçirdilər.
AZƏRTAC xəbər verir ki, bunu beynəlxalq yoldaşlıq oyunları çərçivəsində futbol üzrə Moldova millisinin qonağı olan Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, ilk hissədə əla futbol oynadıq, bir çox qol imkanları yaratdıq. Artıq ikinci hissənin son 10 dəqiqəsində oyunu xeyrimizə bitirə bilərdik. Komandanın oyunundan razı qaldım. Doxsan dəqiqə ərzində mübarizəni dayandırmadıq. Yeganə narahatlığım son dəqiqələrdə qol buraxmağımız oldu. Hərçənd buraxdığımız qolda situasiyanı daha yaxşı idarə edə bilərdik. Qapıçımız çox yaxşı oyun keçirdi. Futbolçularım çox istəkli idilər. Belə davam etməliyik.
“Növbəti oyunda Şimali Makedoniya milli komandası ilə qarşılaşacağıq. Çox çətin rəqibdir, yaxşı futbolçuları var. Albaniya millisində çalışarkən onlara qarşılaşmışıq. Komandanı çox yaxşı tanıyıram. Uğurlu nəticə əldə etmək üçün daha yaxşı oyun keçirməliyik”, - deyə italiyalı baş məşqçi əlavə edib.
Qeyd edək ki, Moldova – Azərbaycan oyunu millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman 2022-11-17 00:08:00